"Aprel – Ümumdünya Autizm Maarifləndirmə ayı" çərçivəsində Gəncə şəhərində autizm və neyromüxtəlifliyi olan gənclərdən ibarət "Mavi Ürəklər" inklüziv musiqi qrupunun konserti baş tutub.
SEVGİ VARSA, FƏRQ YOXDUR! – Autizmi tanı, sevgini paylaş!
"Sevgi varsa, fərq yoxdur!" şüarı ilə keçirilən konsert proqramı "Bank of Baku" və "Birgə və Sağlam" İctimai Birliyinin birgə təşkilatçılığı, həmçinin "PAŞA Mall" və "Gəncə Mall"un tərəfdaşlığı ilə 25 aprel tarixində keçirilib.
Tədbirin məqsədi cəmiyyətdə autizm spektr pozuntusu və neyromüxtəlifliyi olan fərdlər barədə cəmiyyəti məlumatlandırmaq, onlara doğru münasibəti təbliğ etmək, eləcə də autizmli şəxslərin bacarıqlarına, istedadlarına inamı aşılamaqdır.
Tədbirdə iştirak edən "Bank of Baku"nun Reklam və PR departamentinin rəhbəri Əhməd Əhmədov öz çıxışında bildirib ki, "Bank of Baku" KSM strategiyasında inklüziv layihələrə xüsusi diqqət ayırır və bu konsertin keçirilməsində də məqsəd autizm spektr pozuntusu olan fərdlərin cəmiyyət tərəfindən qəbul edilməsi prosesinə töhfə verməkdir.
"Birgə və Sağlam" İctimai Birliyinin təsisçisi Aytən Eynalova isə autizm spektr pozuntusu ilə yaşayan fərdlərin həyat keyfiyyətinin yaxşılaşdırılmasının, onların sosial həyatda, təhsildə və iş dünyasında bərabərhüquqlu üzvlər kimi iştirakının əhəmiyyətini vurğulayıb.
"Gəncə Mall"un meneceri Şərif Ələkbərli isə "PAŞA Mall" adından çıxış edərək belə həssas və vacib layihələrə ev sahibliyi etməyin onlar üçün qürurverici olduğunu bildirib.
Daha sonra 10 gəncdən ibarət "Mavi Ürəklər" inklüziv musiqi qrupu öz rəngarəng repertuarları ilə 1 saat ərzində Gəncə sakinlərinə və şəhərin qonaqlarına xoş anlar bəxş ediblər.
Источник: report.az
Комментарии
Загрузка…
Оставить комментарий